TƏDBİRİN BAŞLAMA TARİXİ

January 26, 2021

TƏDBİRİN BİTMƏ TARİXİ

January 26, 2021

Ünvan

TN "facebook" səhifəsi

NOBEL MÜKAFATÇISI MƏHƏMMƏD YUNUS "YENİ ÇAĞIRIŞLAR"DA

“Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti qonağı Nobel Sülh mükafatı laureatı, professor Məhəmməd Yunus olub.

Proqramda təhsilin məqsədi, cəmiyyətin inkişafındakı rolu, insan potensialının və təşəbbüskarlıq bacarıqlarının inkişafı, təhsil prosesində dəyişilməsi vacib olan məqamlar, ictimai məsuliyyət barədə fikir mübadləsi aparılıb. Professor Nobel mükafatına aparan addımlar barədə danışıb, qobal uğur qazanmaq istəyən şəxslərə tövsiyələr verib.

Proqramın aparıcısı, “T-network”-un koordinatoru Cəfər Mənsiminin “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?" sualını professor bu cür cavablandırıb: “Guşələrin ən birincisi özünü kəşf ilə əlaqəlidir. Siz özünüzü kəşf etməlisiniz. Kiməm? Amalım nədir? Nə istəyirəm? Cəmiyyətə necə töhfə verə bilərəm? Daha sonra dünyanı kəşf etməli, dünyanı tanımalısınız. Dünya nədən ibarətdir? Hara gedir? Beləcə, sizin missiyanız formalaşacaq. Üçüncüsü, siz mütləq xəyal etməlisiniz. Bu bizim digər canlılardan fərqimizdir. Dördüncü guşə çərçivələri aşmaqla əlaqəlidir. Çərçivələri aşın. Çərçivədən kənar düşünməkdən çəkinməyin, cəsarətli olun. Özünüzəməxsus yolunuz olsun. Yoxsa ki, külək sizi istədiyi yerə, naməlum yerlərə aparacaq. Unutmayın ki, hədəfi biləndə daha uğurlu olursunuz. Digər guşə öhdəliklə əlaqəlidir. Siz öhdəlik götürməli, mümkün olmayanı mümkün etməlisiniz. Növbəti guşə iz buraxmaq və dəyişiklik üçün edilən səylərdir. Biz dünyada yaxşı iz buraxmalıyıq. Biz vəziyyəti dəyişməli, dünyanı daha yaxşı yerə çevirməliyik. Bu öhdəliyi digər nəsillərə, öz övladlarımıza aşılamalıyıq. Deməli, yeddinci guşəni övladlarımıza aşılayacağımız öhdəlik formalaşdırır. Övladlarımızı da öhdəlik götürəcək insanlar olaraq yetişdirməliyik. 8 guşəli ulduzu tamamlayan digər məsələ inanmaqdır. Biz inanmalıyıq ki, qarşımıza qoyduğumuz məqsədlərə çata bilərik”. Professor qeyd edib ki, təhsil prosesi bu məsələləri dəstəkləməlidir.

Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanan “Yeni çağırışlar” proqramını izləyənlər çoxsaylı şərhlərlə proqramın maraqlı və faydalı olduğunu vurğulayıblar.

Qeyd edək ki, Məhəmməd Yunus sadəcə öz ölkəsi Banqladeşdə deyil, dünyanın hər yerində milyonlarla adamı yoxsulluqdan qurtarıb. Neçə-neçə dövlət mükafatlarına, fəxri adlara layiq görülən professor "Grameen" bank daxil olmaqla, 50-dən çox şirkətin yaradıcısıdır. Yaratdığı “Yunus centre” vasitəsi ilə müxtəlif təşəbbüsləri dəstəkləyir, insanların təhsil imkanlarının inkişafı üçün çalışır. Professor təhsil vasitəsi ilə yoxsulluğun aradan qalxacağını deyir və insanların dünyagörüşü, özünə inam, təşəbbüskarlıq bacarıqlarının inkişafı üçün çağırışlar edir, müxtəlif ölkələrdən olan insanların təhsilini dəstəkləyir.

"Yeni çağırışlar” onlayn müzakirə proqramı Təhsil Nazirliyinin dəstəyi və “T-network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə yayımlanır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır. Onlayn müzakirə proqramının ayda iki dəfə yayımlanması nəzərdə tutulur. Proqramın ilk qonağı dünyaca məşhur "Khan Academy"nin qurucusu Sal Khan olub.

Tədbirin Məkanı (link)

BU TƏDBİRİ PAYLAŞ

TƏHSİLƏ DAHA YAXIN OLMAQ ÜÇÜN BİZİ İZLƏYİN!