TƏDBİRİN BAŞLAMA TARİXİ

December 05, 2020

TƏDBİRİN BİTMƏ TARİXİ

December 05, 2020

Ünvan

TN "facebook" səhifəsi

DƏRSLİKLƏRİMİZ SİNQAPURLU MÜTƏXƏSSİSLƏRLƏ MÜZAKİRƏ EDİLİB

5 dekabr 2020-ci ildə Təhsil Nazirliyinin, Təhsil İnstitutunun dəstəyi, “T-network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Dərsliklərdə yeni mərhələ: Sinqapur modeli” adlı onlayn müzakirə təşkil olunub.

Azərbaycanlı və sinqapurlu mütəxəssislərin iştirak etdiyi görüşdə dərsliklərin mövcud vəziyyəti və dərsliklərdə Sinqapur təcrübəsi müzakirə edilib.

Müzakirələr vasitəsilə bir sıra beynəlxalq qiymətləndirmə nəticələrində zirvədə olan Sinqapur təhsil sisteminin orta məktəb dərslik təcrübəsi öyrənilib, eləcə də keyfiyyətli dərsliyin meyarlarına, müasir dövrün dərsliklərdə yaratdığı yeni çağırışlara, dərsliklərin mövcud vəziyyətinə toxunulub. Həmçinin Təhsil Nazirliyinin Sinqapurla əməkdaşlıq çərçivəsində təkmilləşdirilməsi planlaşdırılan dərsliklərin gözlənilən təsirləri və yeniliklər barədə fikir mübadiləsi aparılıb.

Təhsil İnstitutunun direktor əvəzi Anar Nağıyev bildirib ki, beynəlxalq qiymətləndirmə proqramlarında ilk sırada olan Sinqapur ilə əməkdaşlıqda özümüzəməxsus məzmun, təcrübə formalaşdırılacaq.

Nazirlər Kabinetinin Qərarı ilə “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nın təsdiq olunduğunu diqqətə çatdıran Anar Nağıyev qeyd edib ki, bu sənədə əsasən V sinifdə “Təbiət” fənninin tədrisi planlaşdırılır. Bu məqsədlə Sinqapur nəşriyyatı ilə birgə layihənin ilkin mərhələsində xarici mütəxəssislərin konsultasiyası əsasında ibtidai təhsil səviyyəsində təbiət elmlərinin tədrisi üzrə kurikulum, təlim və tədris materialları təhlil olunacaq. Həmçinin beynəlxalq təcrübə və 21-ci əsrin tələbləri araşdırılacaq, müvafiq tövsiyələrə əsasən yenilənmə işləri aparılacaq. Təbiət elmləri üzrə təhsil proqramlarının təkmilləşdirilməsi və dərsliklərin hazırlanması məqsədilə azərbaycanlı fənn mütəxəssislərinə distant təlimlər keçiriləcək.

“T-Network”un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun moderatorluğu ilə davam edən müzakirələrdə Təhsil Nazirinin müşaviri Elnur Nəsibov, Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva, Sinqapurun "Alston" nəşriyyatının icraçı direktoru Wee Chee Sim, "Marshall Cavendish" nəşriyyat evinin Mərkəzi Asiya üzrə bölgə direktoru Khairi Sallehudin Bin Abdullah, fizika müəllimi Yalçın İslamzadə, kimya müəllimi Elmir Manafov, biologiya müəllimi Həsən Həsənov, riyaziyyat müəllimi Vüqar Musayev çıxışlar ediblər.

Müzakirə Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsi üzərindən yayımlanıb.



Tədbirin Məkanı (link)

BU TƏDBİRİ PAYLAŞ

TƏHSİLƏ DAHA YAXIN OLMAQ ÜÇÜN BİZİ İZLƏYİN!