Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumu 2022-ci il noyabrın 5-də keçiriləcək.
Forum "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, “Təhsil TV”, “Azərbaycan müəllimi” qəzeti və “Azərbaycan məktəbi” jurnalının media dəstəyi ilə hibrid formatda keçiriləcək.
Forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır.
"Daha təhsilli gələcək" şüarı ilə baş tutacaq Forum rəqəmsal dünyada öyrənmək və qlobal səriştələr mövzularını əhatə edəcək.
Forumun nəsas müzakirə sualları aşağıdakılardır:
-Rəqəmsal dünyada öyrənmək necə təşkil edilməlidir? Hansı yeni yanaşmalara, yeni məktəb modellərinə ehtiyac var?
-Təhsildə təlim prosesinin və məzmunun gələcəyi necə olacaq?
-Məktəb həyatını həyat məktəbinə çevirmək üçün hansı çağırışlara cavab verilməlidir? Gələcəyə necə insan hazırlamalıyıq?
-Yeni çağırışlar təhsilin məqsədi və vəzifələrini hansı istiqamətdə dəyişir və ya dəyişməlidir?"
Forum "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədinin "XXI əsrin tələblərinə uyğun təhsil" istiqamətini, İƏİT-in "Təhsil və bacarıqların gələcəyi - 2030" sənədini, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı inkişaf məqsədlərindən biri olan keyfiyyətli təhsil məqsədini rəhbər tutur.
Forumun əsas məruzəçisi İƏİT-in Baş katibinin təhsil siyasəti üzrə xüsusi müşaviri, Təhsil və Bacarıqlar üzrə direktoru Andreas Şleyxer olacaq.
Beynəlxalq forumun digər spikerləri barədə yaxın günlərdə məlumat veriləcək.
Forumda iştirak ödənişsizdir. Qeydiyyatdan keçən şəxslərin onlayn iştirakı üçün link göndəriləcək. Əyani iştirak yalnız dəvətnamə ilə mümkündür. Bu barədə qərar Beynəlxalq Forumun Təşkilat Komitəsi tərəfindən veriləcək. Arzu edənlərə beynəlxalq sertifikat veriləcək. Qeydiyyat üçün müvafiq linkə keçid edə bilərsiniz: https://bit.ly/3KJjaGh
Xatırladaq ki, keçən illərdə baş tutan hər iki Təhsildə Yeni Çağırışlar Beynəlxalq Forumunda Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev açılış çıxışı edib. 15 minə yaxın mütəxəssisin qoşulduğu hər iki Forumda əsas məruzəçi Andreas Şleyxer olub. Forumda tanınmış təhsil mütəxəssisləri Philip Kotler, Sal Khan, Maykl Fullan, Anant Aqarval və digərləri çıxış ediblər.
Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumunda da dünya şöhrətli təhsil mütəxəssislərinin çıxış edəcəyi gözlənilir.
BU XƏBƏRİ PAYLAŞ