News Photo

“Dünya standartları: XXI əsrin məktəbini necə qurmalı” kitabının təqdimatı olub


Aprelin 15-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Təhsil və bacarıqlar üzrə direktoru, eləcə də PISA (Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı) rəhbəri Andreas Şleyxerin “Dünya standartları: XXI əsrin məktəbini necə qurmalı” kitabının təqdimatı olub.

Kitab Təhsil Nazirliyinin dəstəyi ilə “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması tərəfindən Azərbaycan dilində çap edilib.

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev kitabın Azərbaycan dilinə tərcümə olunmasını yüksək qiymətləndirib. Nazir Azərbaycanın beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirakından bəhs edərək bildirib ki, ölkəmizin PISA tədqiqatında iştirakı təhsilimizin nailiyyətidir. Çünki bu tədqiqatlara qlobal təhsil standartlarına cavab verməyə hazır olan ölkələr cəlb edilir. Hazırda PISA qiymətləndirmə tədqiqatına yalnız Bakı məktəbləri cəlb olunub. Gələcəkdə bu tədqiqatda bütün Azərbaycan məktəblərinin iştirakı nəzərdə tutulur.

Təhsil naziri onu qeyd edib ki, beynəlxalq qiymətləndirmələrdə iştirak Azərbaycan təhsil sistemi üçün düzgün qərarlar qəbul etməyə töhfə verir və bu, dövlət siyasətinə dəstək verən faydalı bir alətdir.

Nazir çıxışının sonunda vurğulayıb ki, kitab Azərbaycan təhsil ictimaiyyəti üçün dəyərli mənbə olacaq. Nazir həmçinin qeyd edib ki, T-Network-ün yaranmasından qısa müddət keçməsinə baxmayaraq gördüyü işlər diqqətçəkicidir və platforma dünyada tanınan beynəlxalq mütəxəssislərin təcrübələrinin Azərbaycan təhsil işçilərinə çatdırılmasında əhəmiyyətli iş görür.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov da öz növbəsində qeyd edib ki, kitabdan ADPU-nun magistratura pilləsində təhsil alan tələbələr dərslik kimi istifadə edəcəklər.

“T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri və yaradıcılarından biri Cəfər Mənsimi platforma haqqında ətraflı məlumat verib və kitabın ərsəyə gəlməsi prosesindən danışıb.

Təqdimat çərçivəsində kitabın müəllifi Andreas Şleyxer “Dünya standartları: XXI əsrin məktəbini necə qurmalı” mövzusunda ustad dərsi keçib. Andreas Şleyxer bildirib ki, PISA yarış deyil, bu, beynəlxalq tədqiqat güzgüdür. Bu güzgüdə ölkələr öz təhsil sistemlərini görə bilirlər.

Andreas Şleyxer deyib ki, gələcəkdə təhsilin elmi tədqiqat sahəsinə çevrilməsinə çalışmaq lazımdır. 

Andreas Şleyxer dünya təhsil sisteminin keçdiyi inkişaf yoluna nəzər salıb, təhsilin inkişafı istiqamətində görülən işlərdən danışıb.

Təqdimatda Təhsil Nazirliyinin və tabe qurumların rəsmi şəxsləri, ali təhsil müəssisələrinin rektorları, nazirlik yanında İctimai Şuranın üzvləri, təhsil ekspertləri, məktəb direktorları, müəllimlər, tanınmış elm xadimləri, QHT və KİV təmsilçiləri, beynəlxalq təşkilatların əməkdaşları iştirak ediblər.

Sonda iştirakçılara kitab hədiyyə olunub.

BU XƏBƏRİ PAYLAŞ

Şərh

TƏHSİLƏ DAHA YAXIN OLMAQ ÜÇÜN BİZİ İZLƏYİN!