News Photo

“Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” adlı beynəlxalq elmi konfrans keçiriləcək

.


10-11 dekabr Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı (MDU), Azərbaycan Respublikasının Təhsil və İqtisadiyyat nazirliklərinin, Mingəçevir Şəhər İcra Hakimiyyəti və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilati dəstəyi ilə “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. 


Beynəlxalq elmi konfransa 37 yerli ali təhsil və elmi-tədqiqat müəssisəsindən, 14 xarici ölkənin 35 universitetindən 462 tezis və məqalə təqdim edilib.


Beynəlxalq konfransın Təşkilat Komitəsinə Azərbaycan, Türkiyə, Ukrayna, Çin, Litva, Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan, Qırğız Respublikası, İsveç və Sloveniyanı təmsil edən universitetlərin alimləri daxildir.


Əsas məqsəd Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və rəşadətli Azərbaycan Əsgərinin şücaəti sayəsində əldə olunan tarixi Zəfərdən sonrakı mərhələnin reallıqları nəzərə alınmaqla müvafiq istiqamətlər üzrə aparılan elmi-tədqiqatların nəticələrinin təqdim etməkdir.


Konfrans Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən, eləcə də Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn vəzifələri əhatə edən mövzularda elmi diskussiya platformasının yaradılmasını hədəfləyir.


Açılış-plenar iclasda MDU-nun rektoru Şahin Bayramov, Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva, bir sıra tərəfdaş yerli və xarici universitetlərin rektorları çıxış edəcəklər.


Proqrama uyğun olaraq, iki gün ərzində konfrans çərçivəsində açılış-plenar, plenar, bölmə və yekun iclasları keçiriləcək.Plenar iclasdan sonra konfrans öz işini üç bölmədə (İqtisad elmləri və idarəetmə; Təbiət və texnika elmləri; Təhsil və humanitar elmlər) davam etdirəcək. Bölmə iclaslarında davamlı iqtisadi inkişafın qlobal trendləri, regionların tarazlı inkişafı, ekoloji dayanıqlığın təmini, enerji sektorunun inkişafında müasir tendensiyalar, postpandemiya dövründə dördüncü sənaye inqilabının inkişaf perspektivləri, təhsil sahəsində milli və beynəlxalq təcrübə, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni geoiqtisadi və geosiyasi reallıqlar, işğaldan azad edilmiş ərazilərin bərpası və digər mövzularda məruzələr dinləniləcək və müzakirələr aparılacaq.


Onu da qeyd edək ki, Beynəlxalq elmi konfrans Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15 mart 2021-ci il tarixli müvafiq məktubu ilə təqdim olunmuş “Ali təhsil müəssisələrində 2021-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısı”na əsasən təşkil olunur.

 

 

BU XƏBƏRİ PAYLAŞ

Şərh

TƏHSİLƏ DAHA YAXIN OLMAQ ÜÇÜN BİZİ İZLƏYİN!