Oktyabrın
1-də Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu təşkil olunub.
Forumda
açılış nitqi ilə çıxış edən təhsil naziri Emin Əmrullayev forumun əhəmiyyətini
yüksək qiymətləndirdiyini qeyd edərək təşkilatçılara və spikerlərə təşəkkür
edib, forumda müzakirə ediləcək məsələlərin Azərbaycan təhsilinə böyük töhfə
olacağını dilə gətirib. Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimlərə təbrikini
çatdıran təhsil naziri fərqli ideyaların paylaşılmasının vacibliyinə toxunub.
Azərbaycanda
təhsil prosesinin yeni reallıqlarla üzləşdiyini qeyd edən Emin Əmrullayev
post-konflikt dövründə yeni imkanların yarandığını, indiki nəslin yaxşı təhsillə
təmin olunması üçün imkanların genişləndiyini qeyd edib. Nazir eyni zamanda
COVID-19 pandemiyasının təhsil prosesinə təsirlərindən də söz açıb. Yeni
texnologiyalardan istifadəni müsbət hal kimi qiymətləndirib.
Nazir
çıxışının sonunda forumun işinə uğurlar arzulayıb.
Daha sonra T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının koordinatoru Cəfər Mənsimi beynəlxalq forumun məqsədi və vəzifələri barədə məlumat verib. Bildirilib ki, Beynəlxalq Müəllimlər Gününə həsr olunan forum Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə qəbul olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i və sənədin “XXI əsrin tələblərinə uyğun təhsil” istiqamətini rəhbər tutur.
Beynəlxalq
forumda PISA-nın (Program for International Student Assessment - Şagird nailiyyətlərinin
beynəlxalq qiymətləndirilməsi proqramı) direktoru Andreas Şleyxer, məşhur
professor, yazıçı, tədqiqatçı və bestsellər müəllifi Philip Kotler, Toronto
Universitetinin fəxri professoru, "Dərin öyrənmə" nəzəriyyəsinin
yardıcısı Maykl Fullan, dünyada məşhur "edX" platformasının
qurucusu, MIT-in professoru Anant Agarval, psixoloq, yazıçı, Türkiyədə və
İtaliyada bestsellər müəllifi Azra Kohen, qlobal səviyyədə tanınan "Khan
Academy"-nin qurucusu Sal Xan təqdimatlarla çıxış edərək öz təcrübələrini
bölüşüblər.
"Təşəbbüsdən
tətbiqə” başlığı altında baş tutan beynəlxalq forum virtual təhsil, beynəlxalq
qiymətləndirmə, liderlik, 21-ci əsrin bacarıqları və davamlı inkişaf
mövzularını əhatə edib.
Qeyd edək ki, Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İnstitutunun təşkilatçılığı, Təhsil Nazirliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə baş tutub. Forumun informasiya tərəfdaşı "Azərbaycan müəllimi" qəzeti və "Azərbaycan məktəbi" jurnalıdır.
Azərbaycan təhsil ictimaiyyətinin böyük marağına səbəb olan forumu müvafiq linkə keçid edərək izləyə bilərsiniz: https://bit.ly/3kVbjds
Şərh