"Edu Forum"da vizual yaddaşdan danışılacaq
30 aprel saat 18.00-da "Edu Forum" Təcrübə proqramının növbəti buraxılışı yayımlanacaq. Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının dəstəyi ilə davam edən proqramın bu dəfəki mövzusu "vizual yaddaş"a həsr olunub. Bu mövzu Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasındakı hökumətlərarası saziş əsasında təqaüd proqramı ilə ÇXR-ın Renmin Universitetinin Biznes hüququ üzrə magistr pilləsini universitet birincisi olaraq tamamlayan, 2021-ci il üzrə doktorantura imtahanlarında ölkə üzrə ən yüksək nəticəni göstərərək hazırda Bakı Dövlət Universitetinin Hüquq fakültəsində doktorantura təhsili alan və Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentində aparıcı hüquq məsləhətçisi kimi çalışan Fərahim Hüseynzadə və onun uğurlarında xüsusi rolu olan "Tərəqqi" medallı ibtidai sinif müəllimi Nailə Babayeva ilə müzakirə ediləcək.
Onu da bildirək ki, F. Hüseynzadə “Mən azərbaycanlıyam” intellektual oyunu üzrə ilin qalibi, “Nə?, Harada?, Nə zaman?” intellektual oyunu üzrə kuboklar sahibi, " "Brain-Ring" və "Xəmsə” milli intellektual oyunları üzrə ölkə birincisidir.
Xatırladaq ki, T-network "Facebook" səhifəsindən Cəfər Mənsiminin təqdimatında yayımlanan "Edu Forum"un əsas məqsədi uğurlu gənclərin və onların uğurunda xüsusi rolu olan müəllimlərin təcrübəsini geniş auditoriyaya çatdırmaqdır.
BU XƏBƏRİ PAYLAŞ