News Photo

Atatürkün təşəbbüsü ilə qurulan TED-in prezidenti “Yeni Çağırışlar”da


Martın 17-i saat 19:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Bu buraxılışda Türkiyə Təhsil Dərnəyinin (Türkiye Eğitim Derneği-TED) prezidenti qonaq olacaq. Proqramı qeyd edilən tarixdə Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı izləyə bilərsiniz.

Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar”da Türkiyənin təhsil təcrübəsi, təhsildə dəyişiklik və liderlik, gələcəyin məktəb modelləri, davamlı öyrənmə və 21-ci əsrdə tələb edilən yeni bacarıqlar haqqında danışılacaq.

Türkiyə Təhsil Dərnəyi (TED) Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün təşəbbüsü ilə 1928-ci ildə qurulub. Hazırda TED 41 məktəbi və eyni adlı universiteti, Ali Təhsil Fondu, tedmem düşüncə qurumu, simfonik orkestrı və digər quruluşları ilə fəaliyyət göstərir.

TED-in prezidenti Səlcuq Pəhlivanoğlu həmçinin Türkiyə Prezident Administrasiyasının Təhsil və Təlim siyasətləri şurasının üzvü,  TED Ali Təhsil Fondunun qurucusu, TED Universitetinin İdarə Heyətinin və Qəyyumlar Şurasının sədridir. O, 35 illik idarəçilik təcrübəsinə malikdir.

Qeyd edək ki, sözügedən proqram “T-Network” koordinatoru Cəfər Mənsiminin təqdimatında ayda iki dəfə yayımlanır. Proqramın əvvəlki qonaqları dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Khan, Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus, tanınmış təhsil tədqiqatçısı və yazıçı Dr. Özgür Bolat, dünyaca məşhur finlandiyalı professor Pasi Sahlberg, Harvardlı alim, Harvardakı Dəyişiklik üzrə liderlik qrupunun qurucusu Toni Vaqner qonaq olub. "Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı məlumatla T-network-un "Facebook" səhifəsindən ( https://www.facebook.com/tnetwork.az) tanış ola bilərsiniz.

BU XƏBƏRİ PAYLAŞ

Şərh

TƏHSİLƏ DAHA YAXIN OLMAQ ÜÇÜN BİZİ İZLƏYİN!