Martın 8-də
“Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanıb. Bu
buraxılışda Harvard Universitetində Dəyişiklik üzrə liderlik qrupunun qurucusu,
dünyaca tanınmış təhsil tədqiqatçısı, alim və yazıçı Toni Vaqner öz
təcrübələrini bölüşüb.
Təhsil
Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya
platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar”da beynəlxalq
qiymətləndirmə proqramlarında qabaqcıl olan ölkələrin təhsilinin uğur
təcrübəsi, təhsildə yenilik, dəyişiklik və liderlik, qeyri-ənənəvi təhsil
haqqında danışılıb.
Proqramın
aparıcısı, “T-Network” koordinatoru Cəfər Mənsimi izləyiciləri ölkəmizdə
yaradılan müsəlman şərqində ilk dünyəvi Qızlar məktəbinin təsvirinin
qarşısından salamlayıb.
Proqramda Harvardlı
alim Toni Vaqner səriştə əsaslı təhsilin vacibliyini diqqətə çatdıraraq bu
günün və gələcəyin əsas bacarıqlarını 7 başlıqda təqdim edib: Tənqidi düşüncə
və problem həll etmə, müxtəlif qruplarla əməkdaşlıq və onlara təsir etmə, çeviklik və adaptasiya,
təşəbbüskarlıq, şifahi və yazılı ünsiyyət, məlumatın əldə edilməsi və onun təhlili,
xəyal etmə və kəşf marağı. Bununla yanaşı alim əlavə edib ki, sual vermək və
hesabatlılıq bacarığının formalaşdırılması da təhsilin əsas məqsədini təşkil
etməlidir. Hər şeyi bilən yox bildiyini tətbiq edən yetişdirilməlidir. Bu
bacarıqlar fəal vətəndaşlığın əsas sütunudur.
Suni intellektin
təhsildə fərdiləşməni daha da inkişaf etdirəcəyini vurğulayan qonaq təhsil
alanlar üçün rəqəmsal portfelin hazırlanmasın önəmini də xüsusi qeyd edib.
Toni Vaqner
“Bill & Melinda Gates” Fondunun baş məsləhətçisi olub. 20 ildən çox
müddətdə Harvard Universitetində müxtəlif vəzifələrdə çalışıb. Qurucusu olduğu
Dəyişiklik üzrə liderlik qrupuna 10 ildən çox rəhbərlik edib. Bundan əvvəl
Harvard İnnovasiya Laboratoriyasında mütəxəssis işləyib.
Beynəlxalq qurumlardan əsas çıxış (keynote) üçün dəvət alan Toni Vaqner bestseller sayılan “Qlobal nailiyyət boşluğu” kitabının müəllifi olmaq üzrə 18 dilə tərcümə edilən “Yenilikçilərin yaradılması: Dünyanı dəyişdirəcək gənclərin hazırlanması” , o cümlədən “Qəlblə öyrənmək: Qeyri-ənənəvi təhsil”, “Məktəblər necə dəyişir?” kitablarının müəllifidir. O, həmçinin “Uşaqlarımızı innovasiya dövrünə hazırlamaq” kitabının həmmüəllifidir. Dünyaca tanınmış film prodüseri Robert Compton ilə birlikdə “Finlandiya fenomeni: Dünyanın ən təəccüblü məktəb sisteminin içində” adlı 60 dəqiqəlik sənədli filmin yaradıcısıdır.
Qeyd edək ki, Cəfər Mənsiminin təqdimatında davam edən “Yeni Çağırışlar”ın
əvvəlki qonaqları dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su
Sal Khan, Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus, tanınmış təhsil
tədqiqatçısı və yazıçı Dr. Özgür Bolat, dünyaca məşhur finlandiyalı professor
Pasi Sahlberg olub. "Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı
məlumatla T-network-un "Facebook" səhifəsindən tanış ola
bilərsiniz.
BU XƏBƏRİ PAYLAŞ