Dekabrın 5-də Təhsil Nazirliyinin, Təhsil İnstitutunun dəstəyi, “T-network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Dərsliklərdə yeni mərhələ: Sinqapur modeli” adlı onlayn müzakirə təşkil olunub.
Azərbaycanlı və sinqapurlu mütəxəssislərin
iştirak etdiyi görüşdə dərsliklərin mövcud vəziyyəti və dərsliklərdə Sinqapur təcrübəsi
müzakirə edilib.
Müzakirələr vasitəsilə bir sıra beynəlxalq qiymətləndirmə
nəticələrində zirvədə olan Sinqapur təhsil sisteminin orta məktəb dərslik təcrübəsi
öyrənilib, eləcə də keyfiyyətli dərsliyin meyarlarına, müasir dövrün dərsliklərdə
yaratdığı yeni çağırışlara, dərsliklərin mövcud vəziyyətinə toxunulub. Həmçinin
Təhsil Nazirliyinin Sinqapurla əməkdaşlıq çərçivəsində təkmilləşdirilməsi
planlaşdırılan dərsliklərin gözlənilən təsirləri və yeniliklər barədə fikir
mübadiləsi aparılıb.
Təhsil İnstitutunun direktor əvəzi Anar Nağıyev
bildirib ki, beynəlxalq qiymətləndirmə proqramlarında ilk sırada olan Sinqapur
ilə əməkdaşlıqda özümüzəməxsus məzmun, təcrübə formalaşdırılacaq.
Nazirlər Kabinetinin Qərarı ilə “Azərbaycan
Respublikasında ümumi təhsilin dövlət standartları”nın təsdiq olunduğunu diqqətə
çatdıran Anar Nağıyev qeyd edib ki, bu sənədə əsasən V sinifdə “Təbiət” fənninin
tədrisi planlaşdırılır. Bu məqsədlə Sinqapur nəşriyyatı ilə birgə layihənin
ilkin mərhələsində xarici mütəxəssislərin konsultasiyası əsasında ibtidai təhsil
səviyyəsində təbiət elmlərinin tədrisi üzrə kurikulum, təlim və tədris
materialları təhlil olunacaq. Həmçinin beynəlxalq təcrübə və 21-ci əsrin tələbləri
araşdırılacaq, müvafiq tövsiyələrə əsasən yenilənmə işləri aparılacaq. Təbiət
elmləri üzrə təhsil proqramlarının təkmilləşdirilməsi və dərsliklərin
hazırlanması məqsədilə azərbaycanlı fənn mütəxəssislərinə distant təlimlər
keçiriləcək.
“T-Network”un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi
Qoşqar Məhərrəmovun moderatorluğu ilə davam edən müzakirələrdə Təhsil Nazirinin
müşaviri Elnur Nəsibov, Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva,
Sinqapurun "Alston" nəşriyyatının icraçı direktoru Wee Chee Sim,
"Marshall Cavendish" nəşriyyat evinin Mərkəzi Asiya üzrə bölgə
direktoru Khairi Sallehudin Bin Abdullah, fizika müəllimi Yalçın İslamzadə,
kimya müəllimi Elmir Manafov, biologiya müəllimi Həsən Həsənov, riyaziyyat müəllimi
Vüqar Musayev çıxışlar ediblər.
Müzakirə Təhsil Nazirliyinin rəsmi
"Facebook" səhifəsi üzərindən yayımlanıb.
BU XƏBƏRİ PAYLAŞ